Ventrikuloperitoneal şuntlama əməliyyatı haqqında məlumat

  • Baxış sayı:

Ventrikuloperitoneal şuntlama nədir?

Şuntlama sözü hərfi mənada “bir boşluqdan digər boşluğa daşıma” mənasını verməkdədir. Ventrikuloperitoneal şuntlama (V/P şuntlama) dedikdə isə, beyin daxili mədəciklərdə toplanan artıq mayenin qarın boşluğuna daşınmasının həyata keçirildiyi əməliyyat nəzərdə tutulur. V/P şuntlama hidrosefaliya zamanı ən çox icra olunan əməliyyatdır. Bu zaman şunt adı verilən xüsusi cihazlardan istifadə etməklə beyində toplanan maye dəri altı ilə silikon borularla qarın boşluğuna daşınır.

V/P şuntların növləri hansılardır?

V/P şuntların fərqli xüsusiyyətə malik müxtəlif növləri vardır. V/P şuntun tərkibində olan klapanın açılış təzyiqindən və anti-sifon xüsusiyyətindən asılı olaraq – normal təzyiqli, aşağı təzyiqli, yüksək təzyiqli, təzyiqi tənzimlənə bilən, anti-sifon cihazlı və s. şuntlar mövcuddur. Hansı xəstəyə hansı şuntun qoyulması qərarı xəstədə olan hidrosefaliyanın səbəbindən, beyin toxumasının qalınlığından, xəstəliyin davam etmə müddətindən asılı olaraq dəyişməkdədir.

Ventrikuloperitoneal şuntlama əməliyyatı necə icra olunur?

Ventrikuloperitoneal şuntlama əməliyyat ümumi anesteziya altında icra olunur və təxminən 50-60 dəqiqə davam edir. Ventrikuloperitoneal şuntlar 2mm diametrində incə silikon borular olub, adətən 3 hissədən ibarət olur: üst uc, rezervuar və alt uc. Əməliyyat zamanı öncə başda 2-3 sm-lik kəsik edilir və kəllə sümüyünə kiçik dəlik açılır və üst uc beyin daxili boşluğa yerləşdirilir. Daha sonra alt uc qarında, göbək yanına edilən 2 sm-lik kəsiklə dəri altı ilə başa doğru daşınır. Daha sonra üst uc və alt uc başda klapanlı rezervuarla birləşdirilir. Ən sonda isə alt uc qarın boşluğuna yerləşdirilir və dəri kəsikləri tikilir. Əməliyyatdan sonra silikon boruları kənardan görünməsələr də, əllə dəri altında hiss etmək mümkündür.

Şuntlama əməliyyatından sonra sağalma dövrü necə olur?

V/P şuntlama əməliyyatından 1 gün sonra xəstələr aktivləşdirilir. Əməliyyatdan 2-3 gün sonra xəstələr adətən evə yazılır. Əməliyyatdan 12-15 gün sonra isə xəstənin tikişləri alınır. Xəstələr evə yazılarkən xəstə yaxınlarına şuntun və klapanlı rezervuarın (pompanın) işləmə prinsipi haqqında məlumat verilir. Adətən, xəstə evə yazılarkən, 10 günlük istifadə üçün ağrıkəsici və antibiotik dərmanlar təyin edilir və hər hansı pəhriz tələb olunmur. Xəstələr adətən 1 ay, 3 ay və 6 ay sonra kontrola çağırılırlar. Əməliyyatdan sonra isə 6 ayda bir kontrola gətirilirlər.

V/P şuntlama əməliyyatı zamanı hansı ağırlaşmalar ola bilər?

Ventrikulo-peritoneal şuntlama əməliyyatı, adətən fəsadsız keçən əməliyyatlardandır və çox nadir halda ağırlaşmalar görülür. Buna baxmayaraq hər əməliyyatda olduğu kimi, bu əməliyyatlarda da qanaxma və infeksiya riski mövcuddur. Bundan başqa, əməliyyat zamanı ümumi anesteziyanın yan təsirləri kimi, tənəffüs problemləri, ürək ritmində və qan təzyiqində dəyişikliklər görülə bilər.

V/P şunta bağlı hansı ağırlaşmalar görülə bilər?

V/P şuntlama, beyin daxili maye artışının müalicəsində ən effektli üsul olsa da, orqanizmə qoyulan bu yad cisim sonralar bəzi ağırlaşmalara səbəb ola bilər. Ən çox görülə bilən ağırlaşmalar aşağıdakılardır:
• Mexaniki pozulma
• Tıxanma
• İnfeksiyalaşma
Hər bir ağırlaşma zamanı şunt düzgün çalışmadığına görə kəllə daxili təzyiq artır və xəstələrdə hidrosefaliyanın əlamətləri əmələ gəlir. Bu əlamətlər- baş ağrısı, bulantı-qusma, yuxululuq halı, şunt boyunca qızarıqlıq və şişkinlik, yüksək hərarət, qıcolma tutmaları, göz hərəkətlərində pozulmalar və s. ola bilər. Şuntu olan xəstələrdə bu əlamətərin əmələ gəlməsi şuntun işləmədiyinə dəlalət edə bilər, buna görə də xəstələrdə bu əlamətlərin görülməsi halında mütləq həkimə müraciət etməlidirlər.