Vaxtında verilən qərar…
Qızım Elmira 26.10.2019-cu ildə 33 həftəsində normal doğuşla dünyaya göz açıb. Ağciyəri tam açılmadığından küvezdə qalmalı oldu. Bir müddət sonra həkimlər başında birinci dərəcəli qansızma olduğunu bildirdilər və müalicə ilə sorulacağını dedilər. 20 gündən sonra qızımızı evə çıxardıq. Qızımız bir ayından sonra narahat olmağa başladı, qusma halları oldu, gözləri aşağıya doğru enirdi, gün ərzində demək olarki, çox narahat olurdu. Həkimə apardıq bizə uşağın başının MRT olunmağını tövsiyə elədilər. Beyin MRT nəticəsində başında çoxlu miqdarda maye olduğu aşkarlandı və hidrosefaliya diaqnozu qoyuldu. Çox narahat olduq, başda mayenin çox olmağı beyinin inkişafını ləngitdiyini öyrəndik. Və biz tez müalicəyə başladıq 15-20 gün müalicəsi davam etməsinə baxmayaraq, müşahidə etdik ki, başı ayına görə çox böyüyüb, gözləri getdikcə daha çox aşağı doğru baxır, dərmanla müalicə qızımıza kömək etmədi. İnternetdə araşdırdıq bunun iki yolla, şuntlama və endoskopik yolla əməliyyatı mövcüd idi. Həkim seçimində bizə Ruslan Yunusovu məsləhət bildilər, qəbulunda olduq, əməliyyat olunacağını söylədi. Əməliyyata tərəddüd edirdik ki, qızımız balacadı o zaman iki ayı var idi və nəhayət əməliyyat olmağına qərar verdik. Həkimimiz Ruslan Yunusov qızımı endoskopik yolla əməliyyatını icra etdi.
Qızım artıq 3 aylıqdı bu müddətdə, qusma halları olmadı, gözləri düzəldi, başının daha böyüməməsini müşahidə etdik, bu da bizi çox sevindirdi. Məsləhətimiz valideynlərə bu olardi ki, uşaqlarda bu halları müşahidə etdikdə dərhal həkimə müraciət etsinlər, əgər əməliyyat lazım gələrsə qorxmasınlar… Çünki ilkin vaxtlarda xəstəliklə mübarizə apardıqda çox yaxşı nəticələrə nail olmaq olar. Hamıya sağlamlıq arzulayıram…