İnam və ümid…

  • Baxış sayı:

Mənim qızım, hidrosefaliya xəstəliyindən çox əziyyət çəkirdi və mən istəyirəm bu haqda, bu acılı-çətinli yollarda nələrdən keçdik onlardan danışım, sizlərlə fikirlərimi bölüşüm.

Mədinə, 2017-ci ilin dekabrında, 37-ci həftəsində, normal doğuşla dünyaya göz açdı. Və oksigen çatışmamazlığı problemi ilə küvezə qoyuldu. 10 gün tamamlandıqdan sonra küvezdən çıxdı, amma hidrosefaliya diaqnozu qoyuldu. Her həkim bunun əmələ gəlmə səbəbi ilə bağlı fərqli fikir söyləyirdi. Doğrudur, yazdıqda asan gəlir, tez-tez yazıram və  yazdıqca keçmişi vərəqlədikcə görürəm ki, biz bu 2 ildə necə çətinliklərdən keçmişik.

Mədinə, dövlət xəstəxanalarının birində müalicə olunurdu. Təyin olunan dərmanları qəbul etməsinə baxmayaraq, Mədinənin səhhəti bu müalicəyə cavab vermədi və çox təəssüflər olsun ki, başı böyüməyə başladı. Artıq o zaman Mədinə 2 aylıq idi. Öz ayına görə başı böyük idi. Başı böyüməyə başladıqca oksigen çatışmamazlıqları olurdu,qıcolmalar və qusmalar olurdu. Vəziyyətdən çıxdıqdan sorna biz Mədinəni evə çıxardıq və müalicəsinə evdə davam etdik. Amma heç bir faydası olmadı. Heç bir hekimin haqqına girib günah qazanmaq istəmirəm, amma bəzi həkimlər bizim gözümüzü çox qorxutmuşdu, belə uşaqlardan normal uşaq olmur, bir cox fəsadlar qalır və s. deyə. Düzdür, təbii ki, artan maye hər hansı bir fəsad qoyacaq amma bu, o demək deyil ki, əlimizi hər çeydən üzüb o anı gözləməliyik. Elə bir dövrdə yaşayırıq ki, hər bir şeyə çarə var ölümdən başqa. Maşallah hər bir şəraiti olan dövlətdə yaşayırıq.

Və biz, sosial şəbəkə sayəsində həkimizi tapdıq, danışdıq. Həkim dedi ki, tomoqrafiya etməmiş bir şey demək olmaz. Biz qəbula yazıldıq. Mədinəni muayinə etdikdən sonra həkim dedi ki, yalnız şunt qoyulmalıdı və bizi şunt haqqında məlumatlandırdı. Ümidimiz daha da artdı. Bu yolda yalnız inam və ümid çox gərəkdir, əziz valideynlər.

Mədinə artıq 6 aylıq idi, şunt qoydurduq və  şükürlər olsun ki, bədəni yad cismi qəbul etdi. 1 yaşına kimi hər şey qaydasında davam etdi. Sonra qızılca keçirdi və şunta infeksiya düşdü. Həkim şuntu çıxardaraq yerinə müvəqqəti drenaj qoydu. Antibiotiklə müalicə olunduqdan 1 ay  sonra yeni şunt qoyuldu. İndi, şükür Mədinə  özünü çox yaxşı hiss edir. İnkişafı da qaydasındadır. Artıq bir neçə gündən sonra 2 yaşı olacaq.

Mən bu haqda daha çox danışa və yaz bilərəm. Amma hidrosefaliyalı uşaqların valideynlərinə məsləhətim heç də qorxmuyun ki, əməliyyatdan sonra fəsad qalacaq və ya əməliyyat necə olacaq. Əsas inamdır. Əgər bir uşaqda alınmıyıbsa, bu o demək deyil ki, bütün uşaqlarda belə olur. Xeyr  elə deyil. Hər kəsin özünəməxsus orqanizmi var. Ona görə qorxmayın, güclü olun, inanın ki, hər şey yaxşı olacaq. Və  ən əsası uşaq bütün infeksiya, viruslardan qorunsa heç də qorxulu bir şey olmur. Bu yolda inanaraq güclü bir şəkildə addımlamaq və həkimi düzgün seçmək lazımdı

M.M.- 2 yaş.