Xarici hidrosefaliya (Benign external hydrocephalus)
Xarici hidrosefaliya nədir?
Xarici hidrosefaliya –körpələrdə başın böyük olması ilə özünü birüzə verən və adətən hər hansı müalicəyə ehtiyac olmadan düzələn, hidrosefaliyanın bir növüdür. Hidrosefaliyadan fərqli olaraq, burada maye beynin daxilindəki boşluqlarda yox , beynin xaricində, subaraxnoid məsafə dediyimiz boşluqlarda toplanır. Adətən 2 yaşına qədər olan uşaqlarda və əsasən oğlanlarda rast gəlinir. Öz-özünə düzələn bir xəstəlik olduğuna görə digər adı da xoşgedişli xarici hidrosefaliyadır.
Xarici hidrosefaliyanın yaranma səbəbləri hansılardır?
Əmələ gəlmə səbəbləri dəqiq bilinməsə də, bəzi hallar var ki, bu zaman xarici hidrosefaliyanın əmələ gəlmə ehtimalını artırır. Erkən doğulma, keçirilmiş beyin daxili qanaxma, meningit , metabolik xəstəliklər, steroid müalicəsi, travma və s. xarici hidrosefaliyanın əmələ gəlməsinə səbəb ola bilər.
Xarici hidrosefaliyanın əlamətləri nələrdir?
Başın böyük və alnın geniş olması ən xarakterik əlamətdir. Belə körpələrdə əmgəklər hidrosefaliyalı uşaqlardan fərqli olaraq çox geniş və qabarıq olmasa da, bir miqdar gərgin olurlar. Bu körpələrdə nadir də olsa süstlük, əqli və fiziki inkişafda ləngimə ola bilir, yəni, bu uşaqlar yaşıdlarına görə daha gec oturur, daha gec başını tutur və daha gec danışır. Amma bu şikayətlər əksər hallarda 2 yaşından sonra tamamən düzəlir.
Xarici hidrosefaliyanın diaqnostika üsulları hansılardır?
Xarici hidrosefaliyanın diaqnozunu USM, KT və ya MRT müayinələri ilə asanlıqla qoymaq mümkündür. Xarici hidrosefaliyası olan hallarda beyin xaricində, əsasən alın payları ətrafında subaraxnoid məsafədə maye artışı, mədəciklərin bir qədər geniş olması nəzərə çarpsa da, beyin daxili təzyiqin artmasına bağlı bariz əlamətlər olmur.
Xarici hidrosefaliyanın müalicəsi:
Əksər hallarda 2 yaşından sonra beyin ətrafındakı maye çəkilir və uşaqların inkişafı yaşına uyğun davam edir. Müalicə qərarı körpənin aylıq baş çevrəsi və nevroloji müayinəsinin təqibinə əsasən verilir. Normal hüdudlardan çox kənara çıxmalar olmadığı müddətcə müalicəyə ehtiyac olmur. Nadir hallarda dərman müalicəsinə ehtiyac ola bilər. Bu zaman beyin daxilində əmələ gələn mayenin miqdarını azaldan dərmanlardan istifadə olunur. Çox nadir hallarda beyin ətrafı mayenin miqdarı gedərək artarsa və beyini sıxarsa o zaman əməliyyata ehtiyac olur. Bu zaman şuntlama əməliyyatı vasitəsilə artıq maye qarın boşluğuna göndərilir.
Xarici hidrosefaliyanın proqnozu:
Proqnozu yaxşıdır. Hər hansı müalicəyə ehtiyac olmadan da, bu körpələrin əksəriyyəti 2 yaşından sonra öz yaşıdları ilə bənzər əqli və fiziki inkişaf göstəricilərinə çata bilirlər.