Hidrosefaliyanın müalicəsi: şuntlama yoxsa endoskopik əməliyyat?

  • Baxış sayı:

Hidrosefaliya pediatrik beyin cərrahlarının ən çox üzləşdiyi xəstəlik olub, hərfi tərcümədə “başda su” demekdir. Əslində isə beyin-onurğa beyin mayesinin (BOM) beyin mədəciklərində toplanmasını ifadə edir.
Hidrosefaliyanın müasir müalicəsi cərrahi üsulladır. Bu üsullar şuntlama əməliyyatı və endoskopla əməliyyatdır. Hidrosefaliyanın müalicəsi zamanı hansı əməliyyat növünün seçilməsi xəstənin yaşından, hidrosefaliyanın əmələ gəlmə səbəbindən və hidrosefaliyanın növündən asılıdır. Belə ki, adətən hidrosefaliyası olan  6 aydan kiçik körpələrə endoskopla əməliyyat etmək mümkün olmur. Həmçinin, infeksiya sonrası əmələ gələn və əlaqəli hidrosefaliya növündə endoskopun fayda vermə ehtimalı azalır. Buna baxmayaraq seçilmiş xəstələrdə düzgün qərar  verilərsə 6 aydan kiçik körpələr də endoskopdan fayda görə bilər.
Şuntlama əməliyyatı xəstənin yaşından, hidrosefaliyanın növündən və əmələ gəlmə səbəbindən asılı olmayaraq bütün növ hidrosefaliyalarda tədbiq edilə bilən, universal əməliyyat hesab olunur. Şuntlamada məqsəd beyindəki artıq mayeni bədənin başqa boşluqlarına yönləndiməkdir. Bu boşluqlar qarın (periton) boşluğu, döş qəfəsi (plevra) boşluğu və ürəkdir. Bu əməliyyatlar zamanı xüsusi, incə silikon borularla maye dəri altı ilə beyin mədəciklərindən digər boşluqlara (əsasən qarın boşluğuna) yönləndirilir ki, bu da şuntlama adlanır. Şuntlama əməliyyatının ən üstün cəhəti universallığı olsa da, şuntun yad cisim olması, infeksiyalaşmağa meyilli olması, zamanla sərtləşərək qopa bilməsi və s. çatışmayan cəhətləridir. Buna baxmayaraq şuntlama hal-hazırda dünyada hidrosefaliyanın müalicəsində ən çox istifadə edilən üsuldur. Şuntlamanın ən çox istifadə olunan növü ventrikulo-peritoneal (mədəcik-qarın boşluğu) şuntlama olsa da, ventrikulo-plevral (mədəcik-döş boşluğu) və ventrikulo-atrial (mədəcik-ürək) növləri də tədbiq edilir.
Endoskopik əməliyyat son 30 ildə məşhurlaşan əməliyyat növü olsa da ilk dəfə 1923-cü ildə tədbiq edilmişdir. Son zamanlar isə gedərək istifadəsi artmaqdadır. Şuntlama əməliyyatlarına görə açıq-aşkar üstünlükləri olsa da bütün növ hidrosefaliyalarda tədbiq oluna bilməməsi ən çatışmayan cəhətidir. Endoskopik hidrosefaliya əməliyyatları əsasən 6 aydan böyük uşaqlarda və tıxayıcı hidrosefaliyası olanlarda tədbiq edilə bilir. Endoskopik müalicədə əsas məqsəd mədəcikər arasında bağlanmış yolları açaraq beyin-onurğa beyin mayesinin dövranını bərpa etməkdir. Bundan başqa kompleks hidrosefaliyalar zamanı şuntlama əməliyyatından öncə endoskopla mədəciklərə girilərək mədəcik daxili bir neçə boşluq endoskopla bir-birinə ağızlaşdırılır və sonra isə şuntlama olunur. Bununla da xəstəyə bir neçə şunt yox sadəcə bir şunt qoyula bilir. Endoskopik əməliyyatın əsas üstünlükləri orqanizmdə hər-hansı yad cisim yerləşdirilməməsi, sadəcə kiçik bir kəsiklə əməliyatın icra edilməsi, əməliyyatın qısa olması, xəstələr üçün az travmatik olması və s.

Beləliklə əməliyyatın hansı növünün seçilməsində hidrosefaliyanın tipini və əmələ gəlmə səbəbini müəyyənləşdirmək vacibdir və hər bir xəstəyə fərdi yanaşmaq lazımdır.